Evi başına uçan qadına illərdir niyə köməklik edilmir? - CƏLİLABADDA… FOTO

Evi başına uçan qadına illərdir niyə köməklik edilmir? -

Cəlilabad rayonunun Muğan kənd sakini Əlihüseynova Gülsuma Miri qızı redaksiyamıza müraciət edərək, illərdir ki, qəzalı evdə yaşadığını və buna görə aidiyyatı qurumların ona heç bir köməklik etmədiyini bildirib. 

Məsələ ilə bağlı əməkdaşımız şikayətçinin yaşadığı ünvanda olub. Cəlilabad rayonunun Muğan kəndi: bu kəndin əvvəlki adı "Svetlaya-zarya” olub və kəndin belə adlanmasının səbəbi isə vaxtilə burada rusların yaşaması ilə əlaqədardır.

Sonradan bir çox kəndlərimiz kimi bu kəndin adı da dəyişdirilərək Muğan adlandırılıb. "Ümidim yalnız sizədir...” Gülsuma Əlihüseynova kəndəki evində bizi görəndə sanki gözlərinə işıq gəldi: "Ümidim yalnız sizədir, mənim bu evsizlik məsələmi ictimailəşdirsəniz inanıram ki, kimsə kömək edəcək”. 

Gülsuma Əlihüseynovanın ağrılı həyat hekayəsi var: həyat yoldaşından ayrılandan sonra iki azyaşlı qızı ilə ata evinə qayıdıb. Anası və qardaşı həyətdə ona bir koma qaraldıb ora köçürüblər. Uşaqlarını həmin evdə böyüdüb. Amma son zamanlar yağan yağışlar nəticəsində bir çox evlər kimi, onun da evini su basıb. Başqa evlər bu sel sularına tab gətirsə də, şikayətçinin palçıqdan qaraltdığı komasının divarları iki yerə bölünüb. 

Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib. "Hər an qorxuruq ki, indi ev uçacaq və biz də altında qalacağıq...” "Məsələ ilə bağlı bir neçə dəfə rayon icra hakimiyyətində olmuşam. Evimin təhlükəli vəziyyətdə olduğunu bildirmişəm. Rayon rəhbərliyi də kənd bələdiyyəsinə göstəriş verib. Amma kənd bələdiyyəsi köməklik üçün imkanının olmadığını bildirib. 

Mən demirəm, mənə ev tiksinlər. Heç olmasa, tikinti materiallarına kömək etsinlər ki, balaca bir koma qaralda bilim ki, sabah onu da sel yuyub aparmasın. İmkansız qadınam, ayda 80 manat sosial yardım alıram. 

Böyük qızım gəlin köçüb və indi kiçik qızımla bu evdə yaşayırıq, əgər adına yaşamaq deyilərsə. Hər an qorxuruq ki, indi ev uçacaq və biz də altında qalacağıq. Dolana bilmədiyim üçün qapılarda fəhlə işləyirəm. 

P.S. Gülsuma Əlihüseynova imkansız olduğundan elə Ramazan bayramında fitrə-zəkatı vermək istəyənlər bunu ona gətirib verirlər. Başsız qadındı, qapılarda fəhlə işləyib özünü dolandırır. Bəs görən Cəlilabad rayon İcra Hakimiyyəti Ramazan bayramı ərəfəsində evi başına uçan bir qadına kömək etməməyin axirətdə cəzasını dərk edirmi?

(infom.az)