Deputatın qohumu və mayor dəstəsi ilə iki vəzifəli qardaşı ölümcül döyüblər – Biləsuvarda şok cinayət

Deputatın qohumu və mayor dəstəsi ilə iki vəzifəli qardaşı ölümcül döyüblər –

Avqustun 9-da Biləsuvarın Muğan kəndi ərazisində iki vəzifəli qardaş 6 nəfərin hücumuna məruz qalaraq döyülüblər.
Reportyor.info-nun məlumatına görə, döyülənlər Salyan Regional Maliyyə İdarəsinin əməkdaşı, şöbə rəisi vəzifəsini icra edən Rüstəmov Elçin Allahverdi oğlu və Biləsuvarda “Aztelekom”un rəisi olan qardaşı Rüstəmov Xalid Allahverdi oğlu olublar.
Hadisə əkin sahələrinin suvarılması üstündə baş verib və mübahisə düşüb. Belə ki, Rüstəmovlar vəziyyətin gərginləşdiyini görərək avtomobilə oturub ərazini tərk etmək istəyəndə, döyənlərdən biri maşının açarını əvvəlcədən götürüb və çıxıb getmələrinə imkan verməyib. Bundan sonra həmin şəxslər hər iki qardaşı döyüblər və ağır xəsarətlər yetiriblər.
Əraziyə gələn yerli sakinlərdən biri Rüstəmovları ölümcül halda tapıb və polisə məlumat verilib. Döyülənlərdən biri – Rüstəmov Elçin hazırda Bakıda “Respublikanski” xəstəxanada koma vəziyyətindədir.
Onları döyənlərin kimliyi haqda əldə etdiyimiz xəbərə görə, 6 nəfərdən biri Yardımlının deputatı Musa Qasımlının əmisi oğlu Aqil Cəfərov imiş. Digər şəxs isə “N” saylı hərbi hissənin mayoru Cəfərov Ayaz Qorxmaz oğludur.
Onlar Yardımlının Peştəsər kəndindəndirlər və Biləsuvarda yaşayırlar. Hazırda faktla bağlı Biləsuvar rayon Polis Şöbəsində araşdırma aparılır.