"Dənizi hasarlayanların mülkləri sökülsün!" - Təklif var

"Dənizi hasarlayanların mülkləri sökülsün!" -

"Yaz-yay mövsümü gəlib və istilər başlayıb. Vətəndaşlar dəniz sahilində gəzmək və çimərliklərdən istifadə etmək istəyirlər".

“RegionNews.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
O bildirib ki, hər kəsin bildiyi kimi, Xəzər dənizinin sahilləri işğal altında qalmaqda davam edir:
"IDEA-nın rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində ictimai çəmərliklərin yaradılmasına başlanılıb və bunu alqışlayıram. Bu isə kifayət etmir. Dəniz Allah tərəfindən xalqımıza lütf edilən bir ilahi sərvət, Konstitusiyamız tərəfindən isə istifadəsinə maneəsiz verilən bir hüquqdur. Hər kəs dənizin beş-on hektarını çəpərləyib, bu qanunsuzluğu hər bir vətəndaş görür, yaşayır və narazı qalır. Sonra da onlara hüququn, qanunun aliliyindən danışırıq və hər kəsin də qanun qarşısında bərabər hüquqlu olduğunu deyirik. Xalq da görür ki, bu fikir doğru deyil.
Rəhmətlik Prezident Heydər Əliyevin fərmanı ilə dənizdən 130 metr kənarda tikinti işi aparmağa icazə verilirdi. İndi bu məsafə 30 metrə endirilib. Bu məsələni əsaslandırıb cənab prezidentə imzaya təqdim edənlər bu xalq və dövlət qarşısında məsuliyyət daşıyır, çünki öz torpaqlarını və mülklərini nəzərdə tutub bu addıma gedib. Təklifim budur ki, dəniz kənarından 130 metr məsafədə tikintiyə qadağa qanunla təsbit edilsin və dənizi hasarlayanların hasarı və mülkləri sökülsün". (bakupost.az)