“Dəniz kənarında yaşayırıq, amma balığa həsrətik” – Bunun səbəbi sahil zolağının hasarlanmasıdır?

“Dəniz kənarında yaşayırıq, amma balığa həsrətik” –

Xəzər dənizinin kənarında yerləşməsinə, ərazisindən çoxlu çaylar axmasına baxmayaraq, bu gün Azərbaycanda əhali balıq üzünə həsrətdir. Buna səbəb olan amillərdən biri qiymətdirsə, digəri istehsal həcminin aşağı olmasıdır.

Ölkəmizdə istehsal edilən balıq tələbatı ödəmək üçün yetərli səviyyədə deyil. Doğrudur, bir neçə ildir dəniz balıqlarının süni göllərdə yetişdirilməsinə başlanılıb, lakin bu addım belə mövcud problemin aradan qaldırılmasına kömək etmir. Öz növbəsində, qiymətlərin bahalaşmasında da təsir göstərir. Azərbaycanda balıq qiymətləri hətta Ermənistanda olandan dəfələrlə yüksəkdir.

Maraqlıdır, Azərbaycan balığın bahalığının səbəbkarı kimlərdir?

Ümumiyyətlə, ölkədə Xəzərin nemətlərindən kimlər daha çox faydalanır?

Mövzu barədə Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda balıqçılıqla bağlı mərkəzləşdirilmiş və düşünülmüş bir strategiyanın olmadığını diqqətə çatdırıb:

“Məhz buna görə 1990-cı və 2000-ci illərin əvvəllərində çaylarda və Xəzərin Azərbaycan hissəsində qaydasız şəkildə balıqların kütləvi ovu baş verib. Bundan sonra isə “Caspian Fish” adlı bir qurum yaradılıb. Özəl sektor olmasına baxmayaraq, iri məmurlara bağlı olduğu üçün inhisarçılığa yol verilib, daxili bazarda inhisarçılıq meyilləri artıb. Hətta digər kiçik və orta balıqçılıq təsərrüfatlarının inkişafında da müəyyən dərəcədə problemlər yaratdı. Əsasən də, xaricə ixracla bağlı maneələr olub. Nəticə etibarilə bu sahədə qiymətlər yetərincə yüksəlib”.

Natiq Cəfərli hesab edir ki, hazırda Kür və Araz çaylarında balıq təsərrüfatlarının düşünülmüş şəkildə yaradılmasına qərar vermək lazımdır:

“Çayın özündə balıqlar kifayət qədər azalıb. Çünki nəzarətsiz balıq ovu həyata keçirilir. Bu, təkcə ölkə ərazisində yox, həmin çayların keçdiyi digər ölkələrdə də baş verir. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda dab artıq çay qırağında, dəniz sahilində hasara alınmış və yaxud da əlavə məkana çevrilmiş yerlərdə yarısüni-yarıtəbii balıqçılıq təsərrüfatları yaranır. Təəssüf ki, Azərbaycanda bununla bağlı da problemlər var. Bircə çay fareli üçün ölkənin bir neçə rayonunda təsərrüfatlar yaradılıb, amma bunların da sayı və istehsal etdiyi məhsul azdır, ona görə də qiymətlərin bahalaşmasının şahidi oluruq”.

İqtisadçı qeyd edib ki, bu sahədə tam liberallaşmanın həyata keçirilməsi üçün dövlət və hökumət tərəfindən mühüm addımlar atılmalıdır:

“İlk növbədə rəqabətli mühitin yaradılması üçün tədbirlər görülməlidir. Balıqçılıq təsərrüfatı yaratmaq istəyən şəxslərə uzunmüddətli və aşağı faizli kreditlərin verilməsinə, dövlət dəstəyi proqramı çərçivəsində onlara əl tutulmasına imkan yaradılmalıdır ki, bolluq yaransın, çünki bolluq yaranmasa, qiymət düşməyəcək. Bazarın qızıl qanunu var. Tələb və təklik qanununu hələ heç kim inkar edə bilməyib, ona görə də Azərbaycanda bolluğun yaranması qiymətlərin ucuzlaşmasında əsas rol oynayacaq. Bolluğun yaranması üçün isə dediyim kimi, dövlət və hökumət tərəfindən dəstək proqramlarına, o cümlədən inhisarçılığın aradan qaldırılmasına ciddi ehtiyac var”.