“Çinarlar şəhəri Göyçay zibilliklərə qərq qolub” - “Sanitar-Təmizlik İdarəsində isə...”

“Çinarlar şəhəri Göyçay zibilliklərə qərq qolub” -

Göyçay şəhəri, Şəhriyar küçəsi, bina 8b, mənzil 7a ünvanında yaşayan Bayramov İlham Emin oğlu 2017-ci ildən Göyçay Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatda olmasına baxmayaraq, hələ də işlə təmin olunmadığını bildirir.

“AzPolitika.info”vasitəsilə ölkə rəhbərliyinə müraciət edən Göyçay sakini üzləşdiyi haqsızlıqlarla bərabər həm də rayondakı korrupsiya və özbaşınalıq faktlarından gileylənir:Dəfələrlə rayon icra hakimiyyəti başçısının müavinlərinin qəbulunda olmuşam. Lakin Göyçay Sanitar-Təmizlik İdarəsi Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatda olanlardan yalnız öz şəxsi maraqlarına uyğun gələn vətəndaşları işə qəbul edir.

Sanitar-Təmizlik idarəsinin hazırda rəisi olan Fuad Bəşirov Göyçay Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürovun himayədarlığı sayəsində bu vəzifəyə təyin olunub. Sabiq rəis Loğman Əliyevi isə “torbasını tikərək” həbsə yollayıblar. 

Yeni rəis vəzifəyə gəldiyi vaxtdan az sonra uğursuz fəaliyyətini büruzə verdi. Çinarlar şəhəri olan Göyçay zibilliklərə qərq oldu, ağaclar susuzluqdan qurudu, hər yeri üfunət, zibil iyi bürüdü. Sanitar-Təmizlik İdarəsində məsuliyyətsizlik, özbaşınalıq, korrupsiya halları artmağa başladı. 

Fuad Bəşirov öz yaxınlarını və güvəndiyi işçilərinin yaxınlarını Məşğulluq Mərkəzi xətti ilə işə qəbul etdi. Lakin həmin işçilərin əksəriyyəti işlədikləri idarənin harada yerləşdiyindən belə xəbərsizdirlər.”

Şikayətçi bildirir ki, Göyçay Sanitar-Təmizlik İdarəsində adı qeydiyyatda olan, özləri isə işləməyən şəxslərin maaşları idarə və rayon rəhbərliyi tərəfindən mənimsənilir: “Yalnız staj qarşılığında işə qəbul edilmiş bu vətəndaşların maaş kartları Fuad Bəşirovla rayon icra hakimiyyətinin yüksək vəzifəli şəxləri arasında bölüşdürülür. İşdə adı gedən, özləri isə heç vaxt işə gəlməyən həmin işçilər yalnız yoxlamalar gəldiyi zaman özlərini apar-topar idarəyə çatdırırlar. Eyni zamanda həmin işçilər guya gündəlik işə çıxırmış kimi ayda bir və ya iki dəfə idarəyə gəlib qeydiyyat-davamiyyət kitabçasına imza atırlar. Göyçay Sanitar-Təmizlik İdarəsinin gündəlik işə çıxan 15-20 işçisi var. Məhz onlar say azlığına görə rayonun təmizliyinin öhdəsindən layiqincə gələ bilmirlər. Həmçinin idarəyə məxsus dövlət əmlakı olan xüsusi təyinatlı nəqliyyat vasitələrinin bəzilərini özəl məqsədlər üçün icarəyə veriblər.”

Sonda şikayətçi sözügedən idarədə yoxlama aparılmasını, eləcə də özünün Göyçay Sanitar-Təmizlik idarəsində işə götürülməsinin təmin olunmasını xahiş edir.