Bölgələrdən Bakıya köçün səbəbləri: İş, pul, əyləncə, yoxsa sadəcə həvəs?

Bölgələrdən Bakıya köçün səbəbləri:

Son illər ölkədə daxili miqrasiyadakı dəyişiklik özünü bariz şəkildə göstərir.

Dünya Bankının məlumatına görə, ölkənin 50 rayonu üzrə miqrasiya saldosu mənfidir, yəni həmin rayonlardan köç gələnləri üstələyir. Əslində, əhalinin miqrasiyası ayrı-ayrı bölgələrin və ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi, eyni zamanda siyasi və mənəvi amillərlə sıx bağlı olması ilə əlaqələndirilir.

Bəs ölkəmizdə mövcud daxili miqrasiya, rayonlardan, kəndlərdən paytaxta başlayan böyük bir köç nə ilə bağlıdır?

Köç niyə başlayıb?

Bunun səbəbi işsizlikdir, yoxsa başqa səbəblər varmı?

İqtisadçı- ekspert Rövşən Ağayev mövzu ilə bağlı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, 2000-ci illərin əvvəllərindən başlayaraq əhali yaşayış üçün paytaxta üz tutmağa başladı:

“Onun da səbəbi o idi ki, neft əsasən Abşeron yarımadasında çıxır və böyük neft pulları da Bakıya axmağa başladığından bütün tikinti bumu, insanların yaşayışı üçün zəruri şərtlər Abşeron yarımadasında formalaşmağa başladı. Burada ilk növbədə iş yerlərinin açılması Bakı və ətrafında olduğu üçün bölgələrdə iş tapmayan, yaşayışı təmin edə bilməyən insanlar ilk növbədə, məhz bu məqsədlə Bakıya gəlməyə başladılar. Ancaq sonra bu, təkcə işlə bağlı olmadı və eyni zamanda Bakıya böyük pullar gəldikcə, paytaxt təkcə iş yeri deyil, infrastruktur inkişafı baxımından da bölgələrdən irəli keçməyə başladı. İnfrastruktur dedikdə, məsələn, insanlar bölgələrdə normal şəkildə istilik sistemi tapa bimirdilər, qaz təminatında, içməli su təminatında çox ciddi problemlər var idi, yol təminatı bərbad vəziyyətdə idi.

Ancaq Bakı bu baxımdan daha əlverişli olmağa başladı. Bu baxımdan insanlar ilk mərhələdə işlə bağlı gəlirdisə, artıq yalnız Bakıda həyat səviyyəsinin yüksəlməsi nəticəsində iş və gəlirlə bağlı deyil, səmərəli, sosial infrastruktur da rol oynayırdı. İnsanlar özlərinin, övladlarının daha yaxşı təhsil alması, sağlam yaşaya bilməsi üçün imkan olduqda Bakıda özlərinə mənzil almağa, mənzil almayanlar əlverişli qiymətlərlə kirayədə qalmaq şərtilə də olsa, paytaxt və ətrafında məskunlaşmağa başladılar. İnsanlar bir müddət kirayədə Bakı və ətrafında yaşayırdısa, əmin idilər ki, yaxşı gəliri olduğu halda, qısa bir vaxt ərzində hansısa formada, ya torpaq alıb ev tikmək, ya da kreditlə mənzil almaq kimi şərtlərlə mülkiyyət sahibi olmaq imkanı yaranır. Ona görə də Dünya Bankının hesabatında olduğu kimi, rayonların böyük əksəriyyətində mənfi miqrasiya, yəni rayonlardan çıxan insanların sayı gələn insanların sayından çox olmağa başladı. Nəticədə ölkə ərazinin 5-6 faizi Abşeron yarımadası olduğu halda rəsmi məlumatlara görə, əhalinin üçdə biri, yəni 30 faizi, qeyri-rəsmi məlumatlara görə, 40-45 faizi burada məskunlaşıb. Əslində, bu məskunlaşmanın yüksək olmasını sübut edən bir sıra faktlar var. Xüsusən də kommunal xidmətlərin, qaz, su istehlakı, məktəblərdə şagirdlərin sayı kimi bir sıra göstəricilər onu göstərir ki, Bakı və Abşeron yarımadasında əhalinin 40 faizi məskunlaşıb”.

Bəzən pul da önəmli olmur

İqtisadçı deyir ki, bu miqrasiya təkcə işlə bağlı deyil, iş, qazanc insanlar üçün önəmlidir, ancaq bəzi hallarda onlar eyni işə, eyni maaşa görə rayonu seçməyə bilərlər: “Məsələn, Bakıda da min manat, Tovuzda da min manat maaş alacaqlarsa, hətta maaş daha yüksək olsa belə, rayona üstünlük verməyənlər var. Burada kompleks səbəblər var. İnsanların Bakıda ala biləcəkləri xidmətlərin çeşidi çox genişdir və onlardan biri səhiyyədir. Məsələn, insan yüngül, ya da ağır xəstələnsə belə, qısa bir müddətdə keyfiyyətli xidmət, peşəkar həkim, zəruri avadanlıqlar tapa bilir. Yaxud keyfiyyətli su əldə etmək problemi var. Əgər evdə “krantı” açarkən təmiz su əldə edə bilməyəcəksə, uzaq məsafədən gətirəcəksə, yaxud keyfiyyətsiz, sağlamlığını risk altında qoyan su içmək məcburiyyətində qalacaqsa, insan tərəddüd edəcək. Eləcə də insan evindən çıxarkən getdiyi məsafədə palçıqlı yollarla məsafə qət edəcəksə o yer insanlar üçün cəlbedici olmayacaq. Yaxud insan istədiyi vaxt keyfiyyətli kitabxana, internet xidməti əldə edə bilməyəcəksə bu zaman rayonu seçmir”.

“Kim şəhər istəyirsə...”

Ekspertin fikrincə, bu, ölkənin kompleks inkişafını nəzərdə tutur: “Qonşu Türkiyəyə baxsaq, insanların bölgələrə getməsi üçün təkcə kənd seçimi olmamalıdır. Həm də bölgə şəhərləri- Gəncə, Şəki, Tovuz, Lənkəran və s.inkişaf etməlidir. Kim ki, şəhərdə yaşamaq istəyir, onun seçimi təkcə Bakı olmamalıdır. Türkiyədəki kimi Ankaranı seçməyənlər üçün İzmir, İstanbul, Antalya kimi digər alternativ şəhərlər var. Azərbaycanda həm də bölgə şəhərləri inkişaf etməlidir. Bakı səviyyəsində infrastruktur, kommunal xidmətlər, gəlir əldə etmək baxımından da alternativ şəhərlər olmalıdırlar ki, insanlar Abşeron yarımadasında cəmləşməsinlər. Kim şəhər istəyirsə, təkcə Bakını deyil, bölgə şəhərini seçsin. İnsanların inkişafı yalnız mədəsindən ibarət deyil, artıq son 50 ildə yaxşı yaşamağın standartları sürətli şəkildə dəyişib. Bu, təkcə maddi təminatla bağlı deyil, həm də mənəvi ehtiyacların ödənilməsi ilə bağlıdır. Mənəvi ehtiyacları, mədəni inkişafla bağlı ehtiyacları Bakıda nə qədər ödənirsə, bölgələrdə də o qədər də ödənsin ki, alternativ kimi bölgələri seçə bilsin”.

“Bakıda yaşayan insanlar üçün idarəetmə maraqlı deyil”

İqtisadçı deyir ki, mövcud problemlər həll edilərsə, daxili miqrasiyaya əhəmiyyətli dərəcədə təsir göstərə bilər: “Ancaq başqa amillər də özünü göstərəcək. Bu da idarəetmə ilə bağlı amillərdir. Bakıda yaşayan insanlar üçün idarəetmə maraqlı deyil, əhali buraya yaşayış yeri kimi baxır, mühit onu o qədər də maraqlandırmır, tezdən evdən çıxır gedir zavodda, yaxud fabrikdə işləyir, gəlir. Ancaq bölgələrdə insanların həm də əhatə etdiyi mühit, idarəetmə ilə bağlıdır, yəni təhlükəsiz olmalıdır. İnsan orada yaşayırsa əmin olmalıdır ki, polis onu haqsız şəkildə ittiham edib risk altına düşməyəcək. Yaxud kəndlərdə insanlar idarəetmədə təmsilçiliyə maraqlı olurlar. İstəyirlər normal şəkildə bələdiyyə seçə bilsinlər, onların səsi eşidilsin. Xüsusilə də gənclərə imkan yaratmaq lazımdır. Vətəndaş cəmiyyətinin inkişafına imkan yaratmaq lazımdır, bir çox bölgələrdə gənclər istəyirlər ki, müstəqil şəkildə vətəndaş cəmiyyətində təmsil olunsunlar, ideyalarını həyata keçirsinlər. Dünya təcrübəsində bölgə inkişafına nail olmuş ölkələr təkcə iqtisadi, sosial inkişaf baxımından deyil, həm də siyasi təmsilçilik, effektiv idarəetmə ilə buna nail olublar. Ona görə də həm sosial- iqtisadi inkişafda tarazlıq yaratmaq, həm də səmərəli idarəetmə qurmaq, bu iki proses paralel baş verərsə, Azərbaycanda tarazlı bölgə inkişafı yaratmaq mümkün olacaq”.