Biləsuvar Türkiyənin bu rayonu ilə qardaşlaşır

Biləsuvar Türkiyənin bu rayonu ilə qardaşlaşır

Azərbaycanın Biləsuvar rayonu ilə Türkiyənin Dənizli şəhərinin Çameli ilçəsi arasında qardaşlıq memorandumu imzalanacaq.

“RegionNews.az” xəbər verir ki, bununla bağlı Biləsuvar rayonunda mərasim keçiriləcək.

Həmçinin Çamelidə yerləşən Atatürk məktəbi ilə Biləsuvar rayonu Əliabad kənd tam orta məktəbi arasında “qardaşlaşmış məktəblər” haqqında sənəd imzalanacaq.

Sənədlərin imzalanması ilə əlaqədar Türkiyə nümayəndə heyətinin mayın 10-da Biləsuvar rayonuna rəsmi-işgüzar səfər edəcəyi gözlənilir.

Eyni zamanda səfər çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsi, ev muzeyi və abidəsi ziyarət olunacaq və Əliabad kənd məktəbində rəsmi görüş çərçivəsində Qardaşlaşma Protokolu imzalanacaq.

Səfər çərçivəsində həmçinin Heydər Əliyev adına Mərkəzi Parkda simvolik “Dostluq ağacı”nın əkiləcəyi nəzərdə tutulub.