“Beş milyona çəkilən yol bir il sonra dağılıb...” - Neftçalanın həbsdə olan sabiq icra başçısının daha bir korrupsiya faktı...

“Beş milyona çəkilən yol bir il sonra dağılıb...” -
Xəbər verdiyimiz kimi Neftçalanın hazırda həbsdə olan sabiq icra başçısı İsmayıl Vəliyevin daha bir korrupsiya faktı üzə çıxıb. Belə ki, hələ 2012-ci ildə tikintisinə 5.000.000 (beş milyon manat) ayrılan Şorsulu-Xəzərkənd yolu cəmisi iki ildən sonra bərbad vəziyyətə düşüb.
 
“RegionNews.az” xəbər verir ki, bu haqda Moderator.az-a danışan Neftçala sakini, 2014-cü il noyabrın 12-də Azərbaycan sərhədini pozan erməni helikopterini vuran və “Vur, komandir, vur!” şüarı ilə məşhurlaşan MAXE İlkin Muradov deyib. 
 
İ.Muradovun sözlərinə görə yolun tikintisinə 2012-ci ilin ikinci yarısında başlanılıb. Tikintisi başa çatdırılan yolun rahatlığından 40 min əhalisi olan adı çəkilən kəndlər cəmisi bir il yarım rahat gedib-gələ biliblər. Daha sonra yol dağılaraq yararsız hala düşüb. Buna səbəb isə yolun bünövrəsini möhkəm olmaması və çəkilən asfalt örtüyünün normadan az olmasıdır. Uzunluğu 32 kilometr olan yoldan bu gün də əhali istifadə edir. Amma bu yolu başa çıxmaq üçün həm onların avtomobilləri dağılır, həm vaxt itkisi olur, həm də əsəbləri korlanır. Yeddi kəndi özündə birləşdirən bu yolda hansısa bir yanğın hadisəsi baş verərsə, ora yanğınsöndürənlərin vaxtında çatması qeyri-mümkündür. Sakinlərin sözlərinə görə yolun tikintisi hazırda həbsdə olan sabiq icra başçısı İsmayıl Vəliyevin vaxtında həyata keçirilib və külli-miqdarda pul mənimsənilib. Beş milyona çəkilən yol necə ola bilər ki, cəmisi bir il sonra dağılıb yararsız hala düşər?!
 
Məsələylə bağlı İ.Muradov saytımıza baş verənləri belə nəql edib:
 
“Bizim Bakıya, Salyana və Biləsuvara çıxışımız bu yoldandır. 2012-ci ildə dövlət tərəfindən bu yolun tikintisinə beş milyon pul ayrılsa da, çox keyfiyyətsiz bir yol çəkildi. Əvəzində isə İsmayıl Vəliyevin kadrları külli-miqdarda pulu mənimsədilər. Bir il sonra isə yol yenə dağıldı. Biz burdan 16 kilometr yolu qət edib hər yerə çıxa bilirik, amma yol təmirli olsa. İndi bu yolu qət etmək üçün bir saat vaxtımız gedir. Maşınımız dağılır. Yolun ümumilikdə uzunluğu 32 kilometrdir”. 
 
İ.Muradov məsələylə bağlı rayon İcra Hakimiyətinə dəfələrlə şikayət etdiklərini bildirib:
 
“Neftçala rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişik ki, yolu təmir etsinlər. Əvvəl bizə bildirdilər ki, yolun təmiri 2020-2021-ci ilin tədbirlər planına salınıb. İndi də deyirlər ki, 2021-2022-ci ilin tədbirlər planına salıblar. Bir sözlə, bizimlə maraqlanan yoxdur. Burda 44 min əhali yaşayır. Xolqaraqaşlı-Neftçala yoluna da yeddi milyon yarım pul ayrıldı, yol çəkildi və indi o yol da dağılıb. Təsəvvür edin ki, Salyana 40 kilometr yol getməliyik, amma yolun bərbad olmasına görə 97 kilometr yol qət edirik.  2021-ci ildə Azərbaycanda görəsən belə yol varmı? Heç kim maraqlanmır. Neftçalaya Mirhəsən Seyidov icra başçısı təyin edildi. Nə qəbula gəldi, nə də biz onun qəbuluna gedə bildik. Elə bil ki, rayonun yiyəsi yoxdur. Təsəvvür edin ki, 16 kilometr yolu bir saat iyirmi dəqiqəyə qət edirik. Heç olmasa bu yolu təmir etsinlər”. 
 
İ.Muradov vaxtilə seçkiqabağı millət vəkili Sabir Rüstəmxanlının da bu yoldan rayona gəldiyini və təmiriylə bağlı ona məlumat verdiklərini bildirib:
 
“Sabir Rüstəmxanlı seçkiöncəsi rayona gələndə bu yoldan gəlmişdi. Onda yolun təmiriylə bağlı Sabir bəyə də məlumat verdik. Amma çox təəssüflər olsun ki, Sabir bəy deputat seçiləndən sonra heç bu yolun təmiriylə bağlı bir köməklik etmədi”.