Bazarda ən çox bahalaşan məhsullar – HANSILARDIR?

Bazarda ən çox bahalaşan məhsullar –

Gündəlik olaraq bazar və dükanlardan çıxarkən, pulqamıza baxdıqda bahalaşmanın təsirini hiss edirik. Son ayda xüsusən yağların qiymətlərində artımla bağlı şikayətlər eşidilir. Kərə yağı ilə yanaşı qarğıdalı, günəbaxan yağlarındakı qiymət artımı da gözəçarpacaq səviyyədədir.

Kolbasa, sosiska kimi ət məhsullarının, yuyucu vaistələrin qiymətində bahalaşma istehlakçıları narazı salmaqdadır.

Daha çox istehlak oluanan “zavod çörəyi” adlanan çörək növündə bahalaşma olmasa da, digər çörək növlərində qiymət artımı müşahidə olunur. Məsələn, bəzi “qara çörək” növləri 80 qəpiyə yüksəlib.

Eləcə də unun qiymətindəki artım istehlakçıların “dilə gətircəyi” səviyyəyə çatıb. Bu artım un məmulatlarına da təsirsiz ötüşməyib.

Bəs rəsmi olaraq, hansı məhsulların qiyməti yüksəlməyə doğru istiqamət götürüb?

Bizim.Media Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2021-ci ildə iyun ayında 2020-ci ilin iyununa nisbətən istehlak qiymətlərinin indeksi 104.7 faiz təşkil edib, yəni qiymətlərdə 4.7 faiz artım baş verib.

Ayrı-ayrı məhsullardakı qiymət artımına gəlincə, qeyd edək ki, bu barədə Komitənin son məlumatları may ayını əhatə edir.

Məlumata əsasən, may ayında aprelə nisbətən daha çox bahalaşma düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, pendirin, günəbaxan və qarğıdalı yağlarının, limonun, almanın, armudun, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, limonadın, arağın qiymətində baş verib.

May ayında qiyməti azalan məhsullar da olub. Ucuzlaşma təzə balığın, yumurtanın, bananın, alçanın, çiyələyin, qozun, fındığın, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, kartofun, soğanın və sarımsağın qiymətlərində müşahidə olunub.

Bir sıra ərzaq məhsullarının qiymətləri isə əsasən sabit qalıb. Daha çox bahalaşma parçaların, boyaların, divar kağızlarının, polietilen su və kanalizasiya borularının, kəsilmiş taxtaların, parketin, sementin, kərpicin, mebellərin, soyuducuların, kondisionerlərin, tozsoranların, televizorların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, velosipedlərin, toz şəklində sintetik yuyuсu vasitələrin qiymətlərində baş verib.

Göstərilmiş ödənişli xidmətlər üzrə aprelə nisbətən 0,5 faiz bahalaşma olub. Daha çox paltarların təmiri və kimyəvi təmizlənməsi, ayaqqabı, mebel və məişət cihazlarının təmiri, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi, tibbi, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin, MDB ölkələrinə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətində artım olub.

Rəsmi məlumatlara görə, MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində ucuzlaşma müşahidə olunub.