Bayden-Ərdoğan görüşü regionda nələri dəyişə bilər? - AÇIQLAMA

Bayden-Ərdoğan görüşü regionda nələri dəyişə bilər? -

"Türkiyə və ABŞ arasında hələ keçmiş prezident Tramp dövründən həll olunmamış problemlər var. Türkiyənin Rusiyadan aldığı S-400 raketdən müdafiə sistemlərilə bağlı məsələ, bu ölkənin F-35 qırıcı təyyarələrinin alınmasından uzaqlaşdırılması, ABŞ-ın Suriya və İraq kürdlərinə yardımı və regionda yeni kürd anklavının yaradılması istiqamətində gördüyü tədbirlər iki ölkə arasında normal münasibətlərin inkişafına mane olan məsələlərdir”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov NATO-nun iyunun 14 –ü üçün nəzərdə tutulan sammiti çərçivəsində keçiriləcək Bayden-Ərdoğan görüşündən danışarkən bildirib.

Müsahibimiz qeyd edib ki, regionun və ümumiyyətlə dünyanın təhlükəsizliyi naminə konsensus əldə olunmalıdır: "Son günlər Rəcəb Təyyip Ərdoğanın Amerikaya Türkiyəni itirməkdə olması ilə bağlı xəbərdarlıq etməsi düşünürəm ki, Bayden administrasiyası tərəfindən ciddi qəbul edilməlidir. Amerika həqiqətən Türkiyəni itirmək ərəfəsində olduğunu dərk edirmi? Edirsə, Türkiyənin itirməklə regionda Amerika nüfuzuna dəyəcək ziyanı qarşılamağa hazırdımı?

Fikrimcə, nə ABŞ, nə də Avropa ölkələri Türkiyə ilə münasibətləri daha da ağırlaşdırmaq fikrində deyil. Bu baxımdan Bayden-Ərdoğan görüşü iki ölkənin münasibətlərində dönüş nöqtəsi olacaq. Doğrudur, yığılıb qalan problemlərin hamısı üzrə bir görüşdə razılığa gəlmək mümkün olmayacaq. Amma əsas məsələlər üzrə xoş münasibətlər saxlanılacaq və gələcək danışıqlar üçün möhkəm zəmin hazırlanacaq”.

Politoloqun sözlərinə görə, hazırda bütün diqqətlər NATO ölkələrinin sammitinə yönəlib və Baydenin keçirəcəyi ikitərəfli görüşlər daha çox maraq mərkəzindədir: "Türkiyə - ABŞ münasibətlərində mövcud olan problemlərin danışıqlar masasına çıxarılması və bununla da normal əməkdaşlığa start verilməsi region ölkələri, o cümlədən Azərbaycan üçün müsbət əhəmiyyət kəsb edəcək”.