Başıbəlalı, ölüm saçan Bakı-Quba yolu: Qurumla sürücülər bir-birini günahlandırırlar - AÇIQLAMA + FOTO

Başıbəlalı, ölüm saçan Bakı-Quba yolu: Qurumla sürücülər bir-birini günahlandırırlar -

Bakı-Quba yolunun problemlərindən yazmaqdan yorulduq, amma problemlər bitmir ki, bitmir. Bir müddət öncə yolun bərbad halda olmasından şikayət edirdik. Sözügedən yolda baş verən yol-nəqliyyat hadisələrinin sayı ilə yanaşı, nəticələri də ağır olurdu. Uzun sürən mübarizədən sonra nəhayət yol qismən də olsa təmir-bərpa işlərinə bağlandı. İndi də təmir gedən yolda hadisələr bitmir.

Mayın 11-i saat 22:50-də Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində qıza qeydə alınıb. 34 yaşlı Hacıyev Elçin Yaşar oğlunun idarə etdiyi BMW-X5 markalı avtomobil əks istiqamətdə hərəkət edən, 63 yaşlı Əliyev Mehyəddin Abdulməcid oğlunun idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşub. Nəticədə E.Hacıyev hadisə yerində ölüb, digər sürücü M.Əliyev isə xəsarət alaraq, Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Təəssüf ki, eyni gecədə daha bir qəza magistral yolun 68-ci kilometrliyində baş verib. VAZ-2106 markalı minik avtomobili yük maşınına çırpılıb və nəticədə avtomobilin sürücüsü Orxan Qasımov, sərnişinlər - 31 yaşlı Pərviz Xudabaxışov və onun iki aylıq qızı Mədinə dünyasını dəyişib. Daha iki nəfər isə müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Avtomobildə iki aylıq körpəsi olan atanın sürət həddini aşması, yol qaydalarını pozaraq hərəkət etməsi isə o qədər inandırıcı gəlmir.

Bəs bir gecədə bu qədər ağır faciələrə səbəb olan yol qəzalarının baş verməsinə səbəb nədir? Günah kimdədir? Günahkar kimdir?

Sürücülər iddia edirlər ki, qəzalara səbəb sürət həddi yox, birtərəfli təmirə bağlanan Bakı-Quba yolunda gecə saatlarında avtomobillərin hərəkətinə maneə olan daşlardır. Qəfildən sürücülərin qarşısına çıxan iri daş parçaları idarəetməni itirmələrinə səbəb olur. Maneələrdən çıxmağa çalışan sürücülər isə ya maneələrə, ya da digər hərəkət iştirakçılarına çırpılırlar.

Yolda zəruri təhlükəsizlik tədbirləri görülməyib? İşıqqaytarıcı xəbərdaredici nişanlar yoxdur?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, həmin yolda təmir işləri başlamamışdan öncə və başladığı dövrdə ictimaiyyətə məlumat verilib:

“Yolun 88-ci km-dən başlayaraq Bakı şəhəri istiqamətində hərəkət məhdudlaşır. Quba istiqamətində ikitərəfli hərəkət təşkil edilib. İkitərəfli hərəkətlə bağlı yol nişanları qoyulub, xətlənmə əməliyyatları həyata keçirilib. Sürücülərə, digər hərəkət iştirakçılarına bu barədə məlumat verilib və qabaqlayıcı təhlükəsizlik tədbirləri görülüb.

Belə ki, ərazidə öncədən nişanlar qoyulub, maneələr düzülüb, ikitərəfli hərəkət təşkil edilən ərazidə xüsusi işıqqaytarıcı effektə malik dirəklərin quraşdırılması həyata keçirilib. Bütün bunlar ərazidə icra edilib. Faktiki olaraq bütün tədbirlər görüldüyü halda baş verən qəzalar bizi də üzür. Bir daha xahiş edirik ki, diqqətli olsunlar. Bakı-Quba yolunun 88-ci km-dən başlayaraq təmir işləri aparılır, diqqətli olun, sürət həddini aşmayın, yerləşdirilən müvəqqəti yol nişanlarının əmrlərinə riayət edin”.

Şikayətlər arasında təmir gedən ərazidən yük maşınları vasitəsilə daşınan daş və çınqılın yol boyu küləyin, sürətin təsirindən yola dağılması, sürücülərin diqqətini yayındırması da qeyd edilir. Hətta bəzi nəqliyyat vasitələrinə maddi ziyan belə dəydiyi deyilir.

Bu kimi hallarda yük daşıyan “KamAZ”ların üstü örtülməli deyilmi?

A.Nəcəfli bu iddialara isə belə cavab verib:

“Bu ola bilər, lakin axı ərazidə tədbir görüldüyü barədə məlumat verilib. Sürücülər bir qədər diqqətli, ehtiyatlı olmalıdırlar. Əraziyə yük maşını daxil ola bilər, ərazidən yük daşına bilər. Ona görə nəqliyyat vasitəsini səbirlə idarə etsinlər. Sürət həddi aşağı endirilsə də, ötmə əməliyyatı qadağan edilsə də, sürücülərimiz bu qaydalara riayət etmirlər. Faktiki olaraq sürət həddini aşmaq əsl riskdir. Təhlükəsizlik tədbirləri görülüb, lakin effekt almağımız üçün hərəkət iştirakçıları bu təhlükəsizlik normalarına riayət etməlidirlər.

Tikintiyə yaxın ərazidə sürət həddi 40-50 km/saat təyin edilib. Hələ tikintidən xeyli aralıda, qarşıda yolun hərəkət hissəsinin daraldığını göstərən yol nişanı qoyulub. Tikinti ərazisinə bir km qalmış xəbərdarlıq nişanları quraşdırılıb, xüsusi işıqqaytarıcı nişanlar quraşdırılıb. Tikinti ərazisində isə sürət həddi 30 km/saat təyin edilib və yol boyu təhlükəsizlik tədbirləri təmin edilib”.