Aztəminatlı ailələr üçün uşaq pulu bərpa oluna bilərmi? - AÇIQLAMA

Aztəminatlı ailələr üçün uşaq pulu bərpa oluna bilərmi? -

Ehtiyac meyarı – əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir. Bu halda indiki pandemiya dövründə, işsizliyin çoxaldığı bir vaxtda aztəminatlı ailələrə dəstək, uşaq pulunu əvəzləyən yardım göstərilməsi gözlənilirmi?

“RegionNews.az” xəbər verir ki, məsələ ilə bağlı deputat Müşfiq Cəfərov Sonxeber.az-a bildirdi ki, postpandemiya dövründə dövlətimiz pandemiyanın yaratdığı iqtisadi fəsadları aradan qaldırmağa çalışır:

"Doğrudur, pandemiya dövründə bir çox müəssisələr qapandı, insanlar işlərini itirdi. Bunlar gözlənilən hal idi. Nəinki Azərbaycan, hətta bütün dünya pandemiyadan zərər gördü, işsizliyin sayı artdı. Koronavirus infeksiyası dünya iqtisadiyyatına böyük təsir göstərdi. Artıq postpandemiya dövründə dövlətimiz pandemiyanın yaratdığı iqtisadi fəsadları aradan qaldırmağa çalışır".

Onun sözlərinə görə, bunun üçün yeni iş yerlərinin açılması, insanların sosial rifah halının yaxşılaşdırılması qarşıya qoyulan ən vacib məsələrdəndir:

"Ümumiyyətlə, karantin dövründə sahibkarlara, işsizlərə və aztəminatlı ailərə dövlət tərəfindən dəstək oldu. Prioritet məsələ ondan ibarətdir ki, dövlətimiz iş yerlərində ixtisarların olmamasına səy göstərir. Eyni zamanda, yeni iş yerlərinin açılması üçün ölkəmizdə bir sıra tədbirlər həyata keçirilir. Çünki postpandemiya dövrü bütün sahələr üçün yeni bir mərhələnin başlanğıcıdır. Buna görə də dövlət tərəfindən iş adamlarına şərait yaradılır. Azad iqtisadi zonaların yaradılması və inkişaf etdirilməsi də bu qəbildəndir.

Bütün bunlarla yanaşı, hər zaman olduğu kimi aztəminatlı ailələr daim diqqətdə saxlanılır, bu təbəqədən olan insanların müraciətləri araşdırılır və aztəminatlılıq meyarlarına uyğun olan həmin ailələrə yardımlar olunur".