Azərbaycanın bank sektoru kiçilib: Bankların bağlanması davam edə bilər?

Azərbaycanın bank sektoru kiçilib:

Azərbaycan Mərkəzi Bankı 31 avqust 2021-ci il tarixinə olan bank sektorunun əsas göstəricilərini açıqlayıb.

İyul ayının sonu ilə müqayisədə avqustda bank sektorunun cəmi aktivləri 241,4 milyon manat və ya 0,7% azalaraq 33 milyard 426,7 milyon manata geriləyib.

İyulun sonunda sektroun cəmi aktivləri 33 milyard 668,1 milyon manata çatmışdı. Cəmi aktivlərin düşməsinin əsas səbəbi "digər aktivlərin" 488,7 milyon manat azalması ilə əlaqədardır.

Avqustda bankların cəmi öhdəlikləri 286,7 milyon manat azalaraq 31 avqust 2021-ci il tarixində 28 milyard 613 milyon manat təşkil edib. O cümlədən avqustda cəmi depozitlər 99.6 milyon manat azalaraq 22 milyard 749,7 milyon manata düşüb.

Maraqlıdır, ölkəmizdə bank sektorunun yenidən kiçilməsi, depozitlərin və cari aktivlərin azalması nə ilə əlaqədardır? Bütün bunlar başqa bankların da bağlanmasına yol aça bilər?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, bank sektorunun kiçilməsi və bankların bağlanmasında pandemiyanın təsiri var:

“Lakin sadəcə onunla əlaqələndirmək düzgün deyil. Ötən il pandemiya dövründə Azərbaycanda 4 bank bağlandı. Bunun özü də, əvvəlki illərdə baş verən proseslərin məntiqi davamı idi. Ümumiyyətlə, iqtisadi aktivliyin zəifləməsi, bununla bağlı problemlərin olması və biznes kredit bazarının gözlənilən həddə böyüməməsi təbii ki, bank sektoruna da öz təsirini göstərir. Həmçinin, problemli kreditlərin artması da buna paralel olaraq baş verir.Ötən il 4 bankın bağlanması ilə əlaqədar olaraq, problemli kreditlərin təxminən 800 milyon manatı silindi və rəqəmsəl olaraq faizlər aşağı düşdü. Lakin bu ilin əvvəllindən yenidən artımın şahidi oluruq. Hətta problemli kreditlər ümumi kredit portfelinin 6,8-6,9 faizini təşkil edir. Bu isə kifayət qədər böyük bir rəqəmdir.

Dünyada problemli kreditlər 3 faizi keçdiyi zaman, artıq bu böyük bir təhlükə hesab olunur. Azərbaycanda isə problemli kreditlərin faizi bu normanı 2 dəfədən çox keçib. Bu isə öz növbəsində bank sektorunda müəyyən ciddi problemlərin olduğundan xəbər verir. Hesab edirəm ki, yaxın müddətdə hansısa bankların bağlanması o qədər də real görünmür. Lakin bank sektorunun daralması, problemli kreditlərin artması və kredit portfelinin keyfiyyətinin aşağı düşməsi kimi proseslər bu şəkildə davam edərsə, yenidən digər bankların da bağlanmasının şahidi ola bilərik. Düşünürəm ki, zəif və problemli banklar bağlana və ya başqa banklarla birləşdirilməsi məsələsi yenidən gündəmə gələ bilər. Konkret olaraq ad çəkərək bankları hədəf göstərmək düzgün deyil, amma mənfəətə çıxa bilməyən və ziyana düşən bankların bağlanılması gözlənilə bilər”.