Azərbaycanda İŞÇİNİN HAQQI qorunmur... - GİLEY

Azərbaycanda İŞÇİNİN HAQQI qorunmur... -

19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərini əhatə edən neft bumu zamanı Bakı neft maqnatları yerli sakinlərin nümayəndələrini deyil, İrandan gələn miqrantları işə götürməyə üstünlük verirdilər. Yerli sakinlər Rusiya İmperiyasının tabeliyində idilər və Rusiya qanunları ilə qorunurdular. Bu, o deməkdir ki, onların maaşları ümumi imperiya maaşından aşağı olmamalı idi. Onların ölümü halında sənayeçilər ailə üzvlərinə böyük təzminat ödəməli olurdular.

İrandan gələn miqrantlar (həmşərilər) isə tamamilə bütün hüquqlardan məhrum idilər. Qəpik-quruşa gecə-gündüz işləməyə hazırdılar. Öldükləri halda, sadəcə olaraq, neft mədənlərinin yanında basdırılırdılar.

Yanvarın 11-də Qəbələ rayonunun Tikanlı kənd sakini, fəhlə Rəhim İbrahim oğlu Cəlilov Bakıda çoxmərtəbəli binada işləyərkən yıxılaraq ölüb.

Azərbaycan Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, işəgötürənlər bütün işçilərlə fərdi qaydada əmək müqaviləsi (kontraktı) bağlamalıdırlar.

Əmək Məcəlləsinin 9-cu maddəsinə uyğun olaraq, əmək müqaviləsində işçinin sağlamlığına zərər vurulduqda sosial sığorta almaq hüququ göstərilməlidir. İşçi vəfat etdikdə onun ailə üzvlərinə sosial sığorta ödənilməlidir.

Bəs, mərhum Rəhim Cəlilovla əmək müqaviləsi bağlanmışdı?

“RegionNews.az” xəbər verir ki, onun atası İbrahim Cəlilovun AYNA-ya dediyinə görə, oğlum ilə heç kim əmək müqaviləsi bağlamayıb: “Günəmuzd işlə məşğul idi. Hətta bu işi də həmişə tapa bilmirdi”.

Hüquqşünas, əmək hüququ üzrə mütəxəssis Azər Quliyev isə əməkdaşımızla söhbətində bildirib ki, əmək müqaviləsinin olmaması mərhum Rəhim Cəlilovun ailəsinə sosial sığorta almaq hüququ vermir: “Lakin Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlə vəfat etmiş Rəhim Cəlilov arasında əmək münasibətlərinin mövcudluğunu müəyyən edərsə, o zaman mərhumun ailəsi sığorta almağa ümid edə bilər”.

Tikinti İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əmək müfəttişi Ələddin Məmmədli də AYNA-ya deyib ki, mərhum fəhlənin ailəsi əmək müqaviləsi olmadığına görə sığorta almağa ümid edə bilməz: “Düşünürəm ki, Rəhim Cəlilovun ailəsi sığorta almaq üçün məhkəməyə müraciət etməlidir. Polis əməkdaşları isə mərhum Rəhim Cəlilovun işəgötürəninin kim olduğunu öyrənməlidirlər”.