Azərbaycanda futbolçular niyə taksi sürücüsünə çevrilir? - PROBLEM

Azərbaycanda futbolçular niyə taksi sürücüsünə çevrilir? -

Futbol üzrə Azərbaycan Milli Komandası noyabrın 11-də öz meydançasında yenə tamaşaçılarını məyus etdi. Təxminən özünə bərabər bir komandaya – Lüksenburq seçməsinə 1-3 hesabı ilə məğlub oldu. Dövlətin idmana və futbola ayırdığı bu qədər diqqətə rəğmən millilərimiz illərdir ki, bir nəticəyə gələ bilmirlər.

Ekspert və futbol bilicilərini gəldiyi nəticə isə hələlik belədir: “Azərbaycan Millisi futbol oynaya bilmir”. Onda nə ilə məşğuluq və kimdir günahkar?

“Bütün xarici məşqçilər hamısı bir Byazinin qırağıdır”

Elə bu matçdan bir qədər öncə efirə gedən teleradio məkanımızın yeni və şarm dolu verilişlərindən biri, "SpeechCom” layihəsinin müzakirə mövzusu da Azərbaycan futbolu olub.

Verilişin maraqlı qonağı futbol şərhçisi, “Qarabağ” klubunun mətbuat katibi Gündüz Abbaszadə həmkarlarımızla idmanın ən populyar növünün Azərbaycandakı problemlərindən danışıb. Müzakirələr zamanı məşqçi məsələsinə də toxunulub.

Veriliş zamanı aparıcı Hüseyn Şahverdiyev bildirib ki, bu gün Azərbaycan izləyicisi ölkədə olan futboldan çox narazıdır. Gündüz Abbaszadı isə bildirib ki, Milli Komandanın baş məşqçisi Canni De Byazi elə buna əsaslanaraq həm yerli məşqçilərin, həm də azərbaycan futbolçularının bostanına daş atıb.

Aparıcı Emil Nəsirli isə qeyd edib ki, futbol sevərlər bu günə qədər Azərbaycana gələn bütün xarici məşqçilərdən narazı olublar:

“Futbol azerkeşlərimiz deyir ki, bütün xarici məşqçilər hamısı bir Byazinin qırağıdır”.

“Futbolun başını buraxır, gedir taksi sürücüsü olur”

Futbolun hələ uşaq yaşlarından öyrənilməsi vacibliyini qeyd edən müzakirə iştirakçıları futbol məktəblərinin yarıtmaz fəaliyyətinə və özünü bu sahəyə həsr edən insanların sonrakı taleyinə də toxunublar.

Gündüz Abbaszadə qeyd edib ki, həyatını futbola həsr etmək istəyən şəxs tezliklə acı mənzərə ilə rastlaşır:

“19 yaşlı futbolçu artıq peşəkar addım atmalıdır, o, artıq professional səviyyədə oynamalıdır. Ancaq bunu realizə etmk üçün Azərbaycanda klub tapmır, çünki 8 klub var. Bu səsəbəbdən də futbolun başını buraxır, gedir taksi sürücüsü olur”.

"SpeechCom”da həmçinin futbolun inkişafında mühüm rol oynayan uşaq futbolu ətrafında da müzakirələr davam etdirilib. Aparıcı Kamran Həsənov vurğulayıb ki, xarici ölkələrdə klub rəhbərləri, məşqçilər xüsusi olaraq, küçədən uşaqları futbola cəlb edirlər. O, çox təəssüf hissi ilə bizdə hələ ki, uşaq futbolunun lazimi səviyyədə olmadığından da söz açıb.

Veriliş zamanı futbolla bağlı bir çox sahələrə də nüfuz edilib. İdman şərhçiliyinin bugünkü səviyyəsi də müzakirə predmeti olub. "SpeechCom”u Azərbaycan futboluna həsr edilən buraxılışını təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Bundan belə fərqli formatda, fərqli yanaşmalarla daha maraqlı söhbətlərə şahid olmaq istəsəniz, "SpeechCom”u mütləq izləyin.

Xatırladaq ki, yeni layihə olan “SpeechCom” verilişi hər ay 3 dəfə olmaqla izləyicilərinin görüşünə gələcək. Verilişin hər buraxılışında cəmiyyətə maraqlı olan mövzular əyləncəli formada müzakirə olunacaq.

Radio aparıcıları Emil Nəsirli, Kamran Həsənov və Azərbaycan KVN Liqasının bədii rəhbəri Hüseyn Şahverdiyevin sözlərinə görə, təqdim etdikləri “SpeechCom” talk-şousunun əsas məqsədi müəyyən aktual mövzunu müzakirə edərkən tamaşaçını düşündürmək, üzündə təbəssüm yaratmaq və xoş əhval bəxş etməkdir. Verilişin komandası verilişə müxtəlif sahələrdən insanları dəvət etməyi planlaşdırır.

“Biz nə filosofuq, nə alim, nə politoloquq, nə də psixoloq, amma biz uzun müddət səhnə və mikrofon görmüş insanlarıq, ona görə də tamaşaçıları səmimi söhbətlər gözləyir”, - aparıcılar qeyd edirlər.

Nə deyirik, Allah xeyir versin! Onda “SpeechCom”da tez-tez görüşənədək!

Bizim.Media