Azərbaycan teatrının fiaskosu – nə baş verir?

Azərbaycan teatrının fiaskosu –

 Emin Əliyev

İndiyə kimi heç vaxt Azərbaycandakı sənət mühitini, xüsusilə də teatr mühitini tənqid edən yazı yazmaq istəməmişəm. Ona görə yox ki, mən də teatr işçisiyəm, dolayısıyla dövlət işçisi sayılıram və yazsam, mənə mənfi münasibət göstərərlər. Ona görə ki, məndən öncə deyilən bütün sözlərin havaya uçduğunu, boşa deyildiyini, tənqidlərin mənasız olduğunu görmüşəm.

Burada heç bir yazı, deyilən söz ünvanına çatmayıb. Yəqin eşitmək, ya da görməklə bağlı problemləri var. Qısası, Don Kixotluq etmək istəmirəm. Heç indi də nəyinsə dəyişəcəyinə inanmıram, bu yazını hansısa ümidlə yazmıram. Sadəcə ürəyimi boşaldıram ki, özüm rahat olum. Özüm öz borcumdan çıxım. Kim nə edir, nəyi düzəldir, nəyi korlayır, daha maraqlı deyil. 

Burada lap əvvəldən bir şeyi hiss etmişdim. Kimin bacaracağı başqa iş yoxdursa, özünə cəmiyyətdə yer axtarır ki, birtəhər ora sığışsın, ya yazı sahəsinə, ya sənətin digər sahələrinə üz tutsun. Nəticədə ağıllı, adekvat, rasional adamlar satış sektoruna, istehsalata, mediaya girməyə çalışdı, qalan digər bütün insanlar isə incəsənətlə məşğul olmağa başladılar. Teatr da bu dalğadan ən çox təsirlənən sahələrdən biri oldu. Hətta birincisi oldu. Dövrün dəyişməsi ilə teatrların idarəetməsində ciddi problemlər yarandı, istedadlı rejissor tapmaq çətin məsələyə çevrildi. Niyə dövrün dəyişməsi ilə, çünki 15-20 il əvvələ kimi hər şey yolunda gedirdi, Azərbaycan xalqı yeni dünya ilə tanış olmamışdı, hər şeyin ideal olduğuna inanırdı. Sonra bu illüziya dağıldı, yeni nəslin yeni zövqü ortaya çıxdı və problemlərin nə qədər çox olduğu gözə göründü. Xalqı teatrla təmin etmək mümkün olmadı. Ta indiyə qədər… İndi dövlət islahatlara start verdiyini, proqressiv gənclərə yol açdığını və bundan incəsənətə də pay düşdüyünü bildirir. Bəs, əslində, nə baş verir?

Bu günlərdə hər il verilən Prezident mükafatları incəsənət xadimlərinə paylandı. Siyahıda kimlər var idi? Bunu kənardan hiss etmək mümkün olmasa da, teatrlarda çalışan insanlar bu siyahının necə hazırlandığını yaxşı bilirlər. Siyahıda hər il təxminən eyni adamların adı yazılır. Müəssisə rəhbərləri bu şəxsləri seçərək müvafiq üst quruma təqdim edir. Təbii, bu bəzən ədalətli də olur. Amma iki-üç nəfərə ədalətli mükafat verilməsi, yüzlərlə insanın ədalətsiz mükafat alması reallığını dəyişmir.

Görəsən, bir ildən çoxdur heç bir aktiv fəaliyyətlə məşğul olmayan teatr adamlarına nəyə görə Prezident mükafatı təyin olunur?

Mükafat verilən aktyorların, rejissorların və digərlərinin heç birinin adını çəkməyəcəm, çünki problem şəxslərdə deyil. Dövlət nəyə görə özünü incəsənət xadimləri qarşısında məsul hiss edir? Sadə səbəbdən – ölkədə teatr işçisinə bugünə kimi 250 manat maaş verən dövlət onun qəzəbinin qarşısını necəsə almalı idi. Ona görə də onun üçün fəxri adlar (Xalq artisti, Əməkdar artist), mükafatlar, təqaüdlər təsis etmişdi. Son qərarla işçilərin 50 faiz maaşı artırılsa, bəzi teatrlara akademik statusu verilsə də bu, problemi o qədər də həll etmədi. Teatrlarda yenə də mükafat günü yaxınlaşanda, ad məsələsi qalxanda onlar bir-birilə mübarizəyə başlayırlar, döyüşürlər, didişirlər. Məsələn, yaşı 50-ni adlamış bir-neçə aktyor hələ də mükafat üçün müəssisə direktorlarına ağız açır, adları yazılmayanda onlardan küsür. Digər tərəfdən 30 yaşlarında gənc aktyorlar Əməkdar artist adı üçün müvafiq qurumlara yalvarırlar, başlarına dolanırlar. Bütün bu hadisələri ilə teatr mühiti rəngarəngdir, macəralıdır.

İslahatlardan sonra başqa bir hadisə bir-neçə ay öncə Akademik Musiqili Teatrda baş vermişdi. Ömründə bir tamaşa belə hazırlamayan kinorejissor Cavid İmamverdiyev Mədəniyyət Nazirliyi tərəfindən teatra rejissor kimi göndərilmişdi. Portfoliosunda bir neçə film olan, əsasən, prodüserliklə məşğul olan bu şəxsin teatra haradan aidiyyatı var, necə gəlib, bunu heç kim bilmir. Amma bunun incəsənət adına, dövlətin “akademik” statuslu 4 teatrından birinin adına rüsvayçılıq olduğu dəqiqdir.

Adını Google-a yazarkən haqqında sənətə aid informasiya qarşımıza çıxmayan, yalnız skandallarla gündəmə gələn, teatra necə gəlib düşdüyü hər kəsə müəmmalı olan şəxslərdən biri də İrəvan Dövlət Dram Teatrının direktoru İvtixar Piriyevdir. İslahatlardan ona və bir-neçə belə teatr fiquruna da zərbə dəymədiyini açıq-aşkar görmək olar. Əgər biz həqiqi dəyişikliklərdən danışırıqsa, o zaman ən birinci bu fiqurlar uzaqlaşdırılmalı idi. Bəs, bu şəxslər islahatın harasında dururlar?

Mədəniyyət Nazirliyinin şəxslər qarşısında reaksiyasız qalması bu gün görülən hadisə deyil. Bu tip hadisələrə uzun illərdir rast gəlinir. Qanunlar “nüfuzlu” şəxslərin qarşısında məğlub olur.

Azərbaycan Teatr Xadimləri İttifaqı sözdə mövcud olsa da, karantin olmadığı müddətdə heç bir ciddi fəaliyyət göstərməyib. İttifaqın bir mərtəbəsinin restorana kirayəyə verilməsi uzun zaman mövzu olub. Görünür ki, ölkədə ittifaqlar, incəsənət müəssisələri sənət fəaliyyəti ilə yox, skandallarla yadda qalıblar həmişə. Prezident 2019-cu ildə ehtiyat fondundan digər yaradıcı ittifaqlarla yanaşı, bu ittifaqa da 250 min manat maliyyə yardımı ayırmışdı.

Təkcə İttifaqa deyil, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının hər birinə 200 min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə 100 min manat maliyyə ayrılmışdı.

Bu maliyyənin necə xərcləndiyi, hara getdiyi isə məlum deyil. Teatr adına məmləkətdə hansı işlər görülüb? Bundan da önəmlisi, teatr cameəsi bu yardımın sənətə hansı effektini gördü? Əminəm ki, bu suala kiminsə cavab verməsi mümkünsüzdür.

Mənim məqsədim burada bütün şəxslərin bir-bir adını çəkmək, onları tanıtmaq deyil. Şəxslər bir-neçə nəfər deyil, onlarladır, yüzlərlədir. Hər kəs kimin kim olduğunu yaxşı bilir, Azərbaycan kiçik ölkədir, Bakı şəhəri isə ondan da balacadır. Mən yazıda, sadəcə, ən biabırçı vəziyyətlərə və şəxslərə fokuslanmağınızı istədim.

Akademik Milli Dram Teatrının şadlıq sarayını xatırladan veb-saytından, Akademik Opera və Balet Teatrının sınıb-sökülən binasından, Akademik Musiqili Teatrın televiziya skeçlərindən də bəsit olan musiqili tamaşalarından bəhs etmək istəmirəm. Teatrların ictimaiyyətlə əlaqəsi yoxdur. Cəmiyyət teatrı tanımır, teatrlar isə buna cəhd göstərmək də istəmirlər. Azərbaycan teatrında hələ 90-cı illərdir. Bunun isə bir adı var: fiasko.

(azlogos.eu)