Avropa Məhkəməsi Azərbaycana yeni cərimələr kəsdi

Avropa Məhkəməsi Azərbaycana yeni cərimələr kəsdi

Sentyabrın 21-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan 7 şikayət üzrə vahid qərar çıxarıb. Şikayətçilər Zülfiyyə Əliyeva və başqaları Bakının Səbail rayonunun sakinləridir. 2011-2012-ci illərdə onların evləri yol tikintisinə görə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında sökülüb. Ərizəçilərə hər kvadratmetr üçün 1500 manat məbləğində təzminat ödənib, ancaq onlar kompensasiyaya əlavə ala bilməyib. Yerli məhkəmələrə müraciətləri nəticəsiz qalan ərizəçilər Avropa Məhkəməsinə şikayətdə Avropa İnsan Hüquqları Konvensiyası ilə təminat altına alınan mülkiyyət və ayrı-seçkiliyin yolverilməzliyi hüquqlarının pozulduğu iddiası qaldırıblar.

“RegionNews.az” xəbər verir ki, Avropa Məhkəməsi ərizəçilərin mülkiyyət hüququnun pozulduğu qənaətinə gələrək Azərbaycan dövlətinin onlara ümumilikdə 43030 avro, mənəvi zərərə görə hər birinə 3000 avro təzminat ödəməsinə qərar verib.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin yurisdiksiyasındadır. (Aihmaz.org)