“Allah da bunu götürməz, ancaq Sahil Babayev bizim ailəyə zülm edir” - Ucar sakinindən ETİRAZ

“Allah da bunu götürməz, ancaq Sahil Babayev bizim ailəyə zülm edir” -

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayət edən vətəndaşların sayı hər gün daha da artır. Artıq bu qurumdan cana doyanların sayının pik həddə çatdığını da deyə bilərik.

RegionNews.az xəbər verir ki, bu dəfə isə KONKRET.az-ın redaksiyasına Ucarın Yuxarı Şilyan kənd sakini Ayşən Məlikova şikayət məktubu göndərib. Vətəndaş sözügedən nazirlikdən şikayətçi olduğunu bildirir. Ayşən Məlikovanın sözlərinə görə, 3 yaşlı uşağı Məlikzadə Tahir Fədail oğlu anadangəlmə iflicdir: “O nə yeriyə, nə otura, nə də ki, danışa bilir. Üç il ərzində uşağı stasionar və ambulator müalicə etdirmişik. Ancaq xəstəliyi sağalan deyil. Sanki bir əşyadır və ancaq əl ilə idarə olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağalmaz ağır xəstə uşağıma əlillik təyin olunmasından qanunsuz şəkildə imtina edir. Əsas kimi isə müalicəyə davam qeyd edilir. Ancaq bu 3 il ərzində uşağımı çoxlu sayda stasionar və ambulator müalicə etdirsək də, heç bir təsiri olmayıb. Mənim xəstə uşağımı gəlib gözü ilə görən olsa dəhşətə gələr”.

Şikayətçi bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mənim 3 yaşlı uşağımın sanki bir əşya olduğunu gəlib baxsın və görsün: “Onun yaşında olan uşaqlar yeriyir, danışır və oturur. Mən isə 3 ildir ki, xəstəxanalarda sürünürəm. Allah da bunu götürməz, ancaq nazir Sahil Babayev belə bir qanunsuzluğa yol verir və bizim ailəyə zülm edir”.

Məktubun sonunda Ayşən Məlikova ölkə başçısına və birinci vitse-prezidentə müraciət edir: “Prezident İlham Əliyevdən və birinci vitse-prezident  Mehriban xanım Əliyevadan xahiş edirəm ki, mənim anadangəlmə sağalmaz ağır xəstə olan uşağıma əlillik təyin olunmasına köməklik etsinlər”.

P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!