Ailəsi ilə münasibətləri pozuldu, iki dəfə nişanlandı, əsərlərindən imtina etdi - Çəlimsiz Kafka... 

Ailəsi ilə münasibətləri pozuldu, iki dəfə nişanlandı, əsərlərindən imtina etdi -

Dünyanın ən məşhur yazıçılarından biri, bestsellər müəllifi Frans Kafkanın əsərləri Azərbaycan dilinə tərcümə edilib.150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasında Kafkanın “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb. “Hekayələr”, “Pritçalar”, “Gündəliklər”, “Xatirələr” “Romanlar” kimi fəsillərdən ibarət kitaba yazıçının orijinaldan tərcümə edilmiş “Hökm”, “Çevrilmə”, “Yuva”, “Bir savaşın təsviri”, “Ocaqçı”, “Bədbəxtlik”, “Cəza koloniyası”,  “Balaca qadın”, “Kənd həkimi”, “Müğənni Jozefina” kimi məşhur hekayələri, “Körpü”, “Çalağan”, “Yuxu”, “İmtahan”, “Qaçış”, “Qonşu”, “Gecə”, “Poseydon” və digər pritçaları, “Məhkəmə”, “Qəsr” romanları, gündəlik və müsahibələri daxil edilib.
Qeyd edək ki, əsərləri alman dilindən  tanınmış tərcüməçilər – Vilayət Hacıyev, Çərkəz Qurbanlı,  Yusif Savalan və digərləri tərcümə edib. 

RegionNews.az Frans Kafka haqqında az bilinən məlumatları təqdim edir: 

Şən, zarafatcıl, amma yüzadamlıq darıxan adam... 

Alman dilli, yəhudi əsilli yazıçı Frans Kafka ölümündən sonra məşhurlaşan yazıçılardan biridir. Həyatı ciddi sıxıntı içində keçən yazıçı, bu həyatın sıxıtısını əsərlərində açıq şəkildə göstərir. Kafkanın əsərlərinin çoxu onun vəfatından sonra, yazıb qoyduğu vəsiyyətinin əksinə olaraq dostu və yazıçı həmkarı Maks Brod tərəfindən çap etdirilib. 

Kafka haqqında ölümündən bu günə qədər müxtəlif fikirlər səslənməkdə davam edir. Yazıçının əsərləri pessimist və boğucu ola bilər. Amma yaxın dostu Maks Brod bu barədə belə danışır: "Kafkanın şən və zarafatcıl bir insan olduğu haqqında ətrafındakılar və insanlar az məlumatlıdırlar. Hətta o yazdığı romanı dostlarına danışar və qəhqəhə ilə gülərdi". 

Pessimizm və realizm... 

Kafkanın yalnız əsərlərində deyil, xüsusi məktublarında da pessimist hava hakimdir. Bəlkə də bunun tək şərhi yazıçının problemlərini danışaraq deyil, yazaraq çatdırmağı üstün tutmasıdır. 

Kafkanın ailə həyatı böyük rus yazıçısı Dostoyevskinin həyatı ilə çox oxşardır. Dostoyevskidə olduğu kimi, onun da anası həssas və romantik, atası sərt və güclü bir xarakterə malik idi. Kafka həyatı boyunca atasının kölgəsini üstündə hiss edib və bu səbəblə özünə inam problemi yaşayıb. Bu özünə inam problemi, cinsi və romantik həyatına böyük təsir edib. Romanlarına olan maraq da, yenə ata səbəbi ola bilər. Atası ilə münasibətini  atasına yazdığı və heç bir zaman yollamadığı "Atama məktublar" ında daha yaxşı ifadə edir. Hərçənd, Feliks Quattari və Qilles Deleuze ikilisi bunu fərqli izah edirlər. Onlara görə, günahkar ata deyil, Kafkanın şəxsən özüdür. Kafkanın ondan güclü olana itaət etmək arzusu ilə yaşadığını düşünürlər. 

Kafqavari və ya çəlimsizlik... 

Atası yalnız güclü və avtoritar quruluşu ilə deyil, bədheybətli duruşuyla da Kafkaya həmişə bir əziklik hiss etdirib. Hətta, bu mövzuda acı bir təcrübə də məşhurdur. Bir gün ata-oğul çimməyə gedir, soyunma otağına girdikdə Frans Kafka atasının nəhəng bədən quruluşunu görüncə ürkür və öz çəlimsiz bədənindən utanır, çölə çıxmaq istəmir. 

Kafkanın, ailəsi baxımından şanssız olduğu yazılır. Atası yüksək təzyiqli olub və balaca yazıçı hələ uşaq ikən iki qardaşı ölmüşdü, üç bacısı isə düşərgələrin birində qətlə yetirilmişdi. Bəlkə Kafka vərəmdən ölməsəydi, o da bu düşərgələrin qurbanı olacaqdı. 

Kafka, eyniylə digər iki böyük yazar Tolstoy və Dostoyevski kimi, tip etibarilə çəlimsiz və çirkin olub. Kafkanın yalnız Dostoyevski ilə deyil, Viktor Hüqo ilə də ortaq cəhətləri olub. Yəni Kafka da fahişəxanaların daimi müştərisi olub və aylıq porno jurnallara abunə imiş. 

Kafkanın heç bir partiya və təşkilata üzv olmamasına baxmayaraq, bir sosialist, hətta anarxist olduğuna dair məlumatlar da var. Gənclik yoldaşı və liseydən dostu Huqo Berqmana görə, gənc Kafka fikirlərini sərgiləmək üçün pencəyinin yaxasının dəliyində qırmızı bir qərənfil daşıyırdı. 

Ən yaxın dostu Maks Brod isə, Kafkanın anti-militarist və ruhanilər əleyhinə olan yığıncaqlara qatıldığını, amma bir kəlmə də danışmadığını və bu səbəblə ona "səssiz" ləqəbinin verildiyini bildirir. 

Kafkanın Milena boyda sevgisi 

Ancaq Kafkanın ölümündən sonra, gizli əlaqələri haqqında ortaya çox mənasız bir iddia atılıb. Kafkanın iki dəfə nişanlandığı qızın - Felisanin ən yaxın rəfiqəsi Qrete ilə də məktublaşduğu deyilir. Yazıçı öldükdən sonra Qrete ondan bir uşağı olduğu iddiasıyla ədəbiyyat və sənət dünyasında xeyli müzakirələr yer alıb. 

Kafka kimi utancaq bir adamın, sevgilisi, eləcə də onun rəfiqəsini, yəni iki qadını birdən idarə etməsi və hətta birindən uşaq sahibi olması ağır bir iddiadır. Hərçənd, iddia edilən uşaq 1921-ci ildə , yəni Kafkadan da əvvəl ölüb və onun bu uşaqdan xəbəri belə olmayıb. Kafka Dora adlı bir xanımı da sevirdi və niyyəti çox ciddi idi. Hətta birlikdə Fələstinə yerləşib bir restoran açmağı belə düşünmüşdülər. İddialara görə, birlikdə açacaqları bu restoranda Dora aşpaz olacaqdı, Kafka isə baş qarson. Ancaq Kafkanın vərəm səbəbiylə ölməsi planlarını gerçəkləşdirməyə mane oldu. 

Bəli, Kafka bəlkə ən çox Milenanı sevmişdi. Amma bütün həyatı boyunca onu üzən hadisə, Felisa ilə ikinci dəfə ayrılıb - nişanlansalar da sonuncu dəfə Praqada qəti olaraq ayrılmaları olmuşdu. Dostu Brod belə izah edir bu hadisəni: "Felisanı qatara qədər ötürmüşdü. Üzü ağappaq, sərt və gərilmişdi. Birdən-birə ağlamağa başladı. İlk dəfə Kafkanı ağlayan görmüşdüm. Heç bir zaman unutmayacağam bu səhnə yaşadıqlarım arasında ən qorxduğum hadisələrdən biri idi. Kafka çalışdığım otağa gəlmişdi, iş saatı idi. 

Masamın yanında qoyulmuş kiçik kresloya çökdü və hönkür-hönkür ağladı. 

"Belə bir şeyin olması, qorxunc deyilmi?",- dedi. 

Yanaqlarından süzülən göz yaşlarının ardı-arası kəsilmirdi. 

Kafka isə gündəliyinə "Mən duyğusuz biriyəm ... elə bir haqsızlıq etdim ki, buna görə yazıq bir qadın işgəncə çəkir, işgəncə aləti də mənəm" şəklində bir məktub yazır. 

Tərcümə etdi: Ruzbeh Məmməd