Ağdaşda polis vətəndaşı döyərək öldürüb? - İDDİA+AÇIQLAMA

Ağdaşda polis vətəndaşı döyərək öldürüb? -

Ağdaş rayon sakini Səadət Cəfərova oğlunun döyüldüyünü və aldığı xəsarətlərə görə səhəri günü öldüyünü iddia edir.

“RegionNews.az” xəbər verir ki, Qafqazinfo-ya müraciət edən 70 yaşlı qadının sözlərinə görə, 1975-ci il təvəllüdlü oğlu İbrahim Cəfərov mayın 3-dən 4-nə keçən gecə Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən döyülüb. O bildirib ki, oğlu həmin vaxt ad günü məclisindən içkili halda qayıdırmış: “Yolda gələrkən yıxılıb. Polislər yaxınlaşıb ona sərxoş olmasını irad tutublar. Buraxmaq üçün pul tələb ediblər. Oğlum buna etiraz etdiyi üçün post-patrul maşınına otuzdurub döyüblər.

Dubinka ilə bədənindən və kürəyindən vurublar. Evə gələndə şalvarı qanlı idi, qolları göyərmişdi. Gəldi oturdu, dedi ki, nəfəs ala bilmirəm. Fikirləşdim ki, sabah həkimə gedər. Səhəri günü dedim ki, yat dincəl, sonra gedərsən. Getdi otaqda yatdı, ayılmadı. Ekspertiza da rəy verib ki, döyülüb. Prokurorluğa şikayət etmişik, amma baxan yoxdur. Polis rəisi gəlib deyir ki, ürəktutmadan ölüb. Oğlumu vuran əsas polisin adı Allahverdi olub”.

İddia ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirdi ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İbrahim Cəfərova fiziki güc tətbiq olunduqdan sonra onun vəfat etməsi ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir: “Mayın 3-də gecə saatlarında rayon ərazisində xidmət aparan polis əməkdaşları yolun kənarındakı bir nəfərin yerə yıxıldığını aşkar ediblər. Sərxoş vəziyyətdə olan həmin şəxsin şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də digər cinayət əməllərinə görə bir neçə dəfə məhkum olunmuş İbrahim Cəfərov olduğu müəyyən edilib. Polislər həmin şəxsin yaşadığı ünvana çatmasına köməklik göstərməyə çalışsalar da, o, bundan imtina edərək özü gedəcəyini bildirib. 

İ.Cəfərovun evinə çatana qədər isə bir neçə dəfə də yıxıldığı ətrafdakı müşahidə kameralar vasitəsilə  qeydə alınıb. Növbəti gün də yenidən İ.Cəfərov saat 16 radələrində sərxoş vəziyyətdə yaşadığı evə gələrək yatıb və saat 23 radələrində yaxınları onun öldüyünü aşkar ediblər".

DİN rəsmisinin sözlərinə görə, meyit müayinə edilməsi üçün morqa yerləşdirilib və ilkin rəyə əsasən onun ürək çatışmazlığından vəfat etdiyi müəyyən edilib. Onun ölüm səbəbi analizlərin cavabı çıxdıqdan və məhkəmə tibbi ekspertizanın tam rəyindən sonra məlum olacaq.

Səadət Cəfərovanın polis əməkdaşlarından etdiyi şikayətə prokurorluq orqanlarında laqeyd yanaşılması iddiası ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva bildirib ki, İbrahim Cəfərovun ölməsi faktı ilə bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır: "Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın verilməsi təmin ediləcək".

***

Ağdaş rayonunda vətəndaş İbrahim Cəfərovun polis şöbəsinə aparılıb, orada döyülərək öldürülməsi iddia olunub.

“RegionNews.az” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Bildirilib ki, İbrahim Cəfərovun öldürülməsində Vüsal, Fəqan və Allahverdi adlı polis əməkdaşları xüsusilə fərqləniblər.

Eyni zamanda iddia edilib ki, Ağdaşda məhkəmə-tibb ekspertizası İbrahim Cəfərovun ölümü ilə bağlı saxta rəy verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İbrahim Cəfərova fiziki güc tətbiq olunduqdan sonra onun vəfat etməsi ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir:

“Mayın 3-də gecə saatlarında rayon ərazisində xidmət aparan polis əməkdaşları yolun kənarında bir nəfərin yerə yıxıldığını aşkar ediblər. Sərxoş vəziyyətdə olan həmin şəxsin şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də digər cinayət əməllərinə görə bir neçə dəfə məhkum olunmuş İbrahim Cəfərov olduğu müəyyən edilib.

Polislər həmin şəxsin yaşadığı ünvana çatmasına köməklik göstərməyə çalışsalar da, o bundan imtina edərək özü gedəcəyini bildirib.  

İ.Cəfərovun evinə çatana qədər isə bir neçə dəfə də yıxıldığı ətrafdakı müşahidə kameraları vasitəsilə qeydə alınıb. Növbəti gün yenidən İ.Cəfərov saat 16 radələrində sərxoş vəziyyətdə yaşadığı evə gələrək yatıb və saat 23 radələrində yaxınları onun öldüyünü aşkar ediblər”.

“Meyit müayinə edilməsi üçün morqa yerləşdirilib və ilkin rəyə əsasən, onun ürək çatışmazlığından vəfat etdiyi müəyyən edilib. İ.Cəfərovun ölüm səbəbi ondan götürülən analizlərin cavabı çıxdıqdan və məhkəmə-tibbi ekspertizanın tam rəyindən sonra məlum olacaq”, - deyə o qeyd edib.