Ağcabədidə "qızıl müəmması": Quyudan tapılan külçələr...

Ağcabədidə "qızıl müəmması":

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ağcabədi sakininin qazdığı quyudan qızıl külçələrin tapılması ilə bağlı araşdırmanı yekunlaşdırıb.

“RegionNews.az” xəbər verir ki, Nazirliyin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev Qaynarinfo.az-a məsələnin araşdırıldığını və bununla bağlı Ağcabədi rayon İcra Hakimiyyətinə rəsmi məlumat verildiyini bildirib.

Quyu qazarkən həyətindən qızıl tapdığını deyən Ağcabədi rayonu Hacılar kənd sakini Tələt Quliyev deyib ki, həyətindən çıxan külçələr Bakıya laboratoriyaya göndərilib:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Elmi-Tədqiqat İnstitutundan gəlib külçələrdən nümunələr götürüblər. Hələ bizə rəsmi cavab verilməyib”.

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Ceyhun Rüstəmov isə bildirib ki, Bakıya laboratoriayaya göndərilən nümunələrin cavabı hələ quruma daxil olmayıb.

Ağcabədi rayon İcra Hakimiyyətindəki mənbədən əldə etdiyimiz məlumata görə isə tapılan külçələrin qızıl olmaması barədə rəy verilib.