"3 000 manat maaşı olan proqramçını 3 manata dərs deməyə dəvət edirlər" - Ekspert dövlət universitetlərini tənqid etdi

"3 000 manat maaşı olan proqramçını 3 manata dərs deməyə dəvət edirlər" -

"Biz İT (İnformasiya Texnologiyaları) ixtisaslara həvəsi 10 və 11-ci siniflərdə yerindəcə boğuruq. DİM İT ixtisas seçənlərdən informatika əvəzinə kimyadan imtahan götürdüyünə görə, məktəblər, müəllimlər, kurslar, repetitorlar, valideynlər  bütün resursları kimyaya xərcləyirlər”.

RegionNews.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. Onun sözlərinə görə, bununla da bütün məktəblərdə yuxarı siniflərdə informatika bilərəkdən gündəlikdən çıxarılır:

"Digər bir məsələ isə bu ixtisası seçən uşaqların ali məktəblərdə necə ixtisasa yiyələnməsi ilə bağlıdır. Adətən yaxşı proqramçılar, praktikaya yiyələnən İT mütəxəssislər universitetdən kənarda, biznes və ya dövlət sektorunda çalışırlar. Hansı ki, aylıq əmək haqları 2500-dən yuxarıdır. Universitetlər məcburdur ki, İT sahədə təcrübəsi olan, peşəkar kadrları kənardan cəlb etsin. Saat hesabı universitetdə dərs demək isə heç bir halda peşəkar gənc kadrlara sərf etmir.
İlk baxışda inanılmaz görünür, amma təəssüf ki, bu reallıqdır - hazırda dövlət universitetlərində bütün  İT ixtisaslar üzrə saat hesabı dərs deyən müəllim 1 saat üçün cəmi 3 manat  alır. Acınacaqlı vəziyyətdir. Özəl universitetlərdə isə nisbətən yuxarıdır - burada saat hesabı İT ixtisas tədris edən müəllim 1 saat üçün 15-25 manat ala bilir. Təsəvvür edin ki, ən "bərk gedən” dövlət universiteti hansısa şirkətdə və dövlət sektorunda işləyib aylıq 3000 manat alan bir proqramçını, data analitiki 1 saat üçün 3 manat ödəməklə dərs deməyə dəvət edir. Kim razılaşar buna?”.
O.Gündüz qeyd edib ki, nəticədə biznes və dövlət sektorunda çalışan peşəkar mütəxəssislərin heç biri dərs deməkdə maraqlı olmur:
"Maraqlı olanlar, gənclərə nəsə öyrətmək istəyənlər isə universitetdə deyil, yollarda itirdikləri vaxt və  stress ucbatından bunu yarımçıq saxlamalı olurlar. Düşünürəm ki, hökumət təcili bu məsələlərə ciddi diqqət yetirməlidir. Rəqəmsallaşmaya cavabdeh dövlət qurumu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu istiqamətdə səyləri gücləndirməlidir. Təhsil Nazirliyi, Nazirlər Kabineti dövlət ali təhsil sektorunda əmək haqqı məsələlərinə müasir çağırışlar baxımından yenidən baxmalıdır”. (sfera.az)